Həzrəti Süleyman

Hər işində Allaha üz tuturdu

“...Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi” (“Sad” surəsi, 30).

Hz.Süleymanın həyatı ilə bağlı olan Quran ayələrində ən çox diqqətçəkən mövzulardan biri onun gördüyü bütün işlərdə həmişə Allaha üz tutması, Ona dua etməsi və hər istədiyini Allaha açmasıdır.

Hz.Süleyman bütpərəstliyin geniş yayıldığı bir dövrdə yaşamış, ancaq heç vaxt heç bir şeyi Allaha şərik qoşmamışdı. Sadəcə Allahın rizasını gözləmiş və Allahın dininin hakim olması üçün heç bir insanın və varlığın əmrini gözləmədən sədaqətlə yaşamışdır. Bütlərə inanan Səba ölkəsini imana dəvət edərkən də onları Allaha təslim olmağa dəvət etmiş, Günəşə səcdə etməkdən imtina etmələrini istəmişdi.


“And olsun ki, Biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cəsəd atdıq. Sonra o qayıtdı: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!” (“Sad” surəsi, 34-35).


Hz.Süleyman hər hansı bir çətinliklə, əzabla, ya da bir nemətlə qarşılaşdıqda dərhal Allaha üz tuturdu. Hər sözündə Allahı anır, hər qərarını Allahın adını anaraq verirdi. Allah Hz.Süleymanı müxtəlif yollarla sınağa çəkmiş, o da buna həmişə çox gözəl bir əxlaqla cavab vermişdi. Məsələn, yuxarıdakı ayədə də göstərildiyi kimi, Hz.Süleymanın sınandığı vaxt ilk düşündüyü şey Allaha dua etmək, Onun bağışlayan olmasına və rəhmətinə sığınmaq olmuşdu.


“...Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!” (“Nəml” surəsi, 40).


Hz.Süleyman sadəcə çətin vaxtlarında deyil, hər hansı bir zəfər və uğur əldə etdikdə də eyni əxlaq göstərmiş, daim təvazökar və Allaha möhtac bir bəndə olduğunu anlamışdır. Əldə etdiyi bütün uğurların Allah tərəfindən bir sınaq olduğunun fərqinə varmışdı. Yuxarıdakı ayədə də bildirildiyi kimi, uğurları qarşısında çox təvazökar bir davranış göstərmişdi. Bu sədaqətli qarşılıq onun hər növ uğurunun da hər növ çətinlik kimi Allah tərəfindən sınaq olduğunu bilməsinin bir nəticəsidir.