Həzrəti Süleyman

Quranda tərif edilən iki müxtəlif idarəçilik

Quranda idarəçilikdən xəbər verən iki mühüm nümunə var. Bunlardan biri Səba məlikəsinin ölkəsindəki idarəçilik, digəri isə Fironun despotik və mürtəce idarəçiliyidir.
Hz.Süleymanın Günəşə sitayiş edən Səba ölkəsini imana çağıran bir məktub göndərməsindən sonra baş vermiş hadisələr bizə bu dövlətin quruluşu haqqında bəzi məlumatları verir.

Səba məlikəsinin yanında tayfanın tanınmışlarından ibarət bir qrup var. Səba məlikəsi hz.Süleymandan gələn məktubu oxuduqdan sonra onlarla məsləhətləşir. Yəni bu dövlətdə tək bir hökmdarın qərar qəbul etmək hüququndan söz getmir, dövlətin idarə edilməsində hökmdarla birlikdə söz sahibi olan bir qrup da var. Səba məlikəsi yanındakıların fikrini qiymətləndirir, onlar da məlikənin nüfuzuna və özünə hörmət edir. Bu üsulla Səba dövlətində demokratiyaya bənzər bir idarəçilik sistemi tətbiq edilir.

Fironun idarəçilik üsulu isə ilk baxışda Səba dövlətinə bənzəyir. Onun yanında olanların da idarəçiliyə böyük təsirləri görünür. Ancaq bu insanlar Fironu səhv istiqamətə yönəltməkdə, ona fitnə və zülmə səbəb olacaq əmrlər verməkdədir. “Əraf” surəsində Firona bu şəkildə xitab etdikləri bildirilir:

“Onlar dedilər: “Onu qardaşı ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər”
(“Əraf” surəsi, 111).

Firon dövründəki idarəçilik tərzini oliqarxiya kimi təqdim etmək mümkündür. Oliqarxiya “azlığın hakimiyyəti” deməkdir. Bir sistemdə siyasi güc sadəcə bir qrupun əlindədirsə, o sistem oliqarxiyadır. Oliqarxiyanın gücü isə əksərən hərbi və maddi gücün miqdarı ilə düz mütənasibdir. Oliqarxiyada idarəçi kadrlar bir neçə şəxsdən ibarət və ya daha geniş ola bilər. Ancaq bütün hallarda bu, xalqa nisbətdə kiçik bir azlıqdır. Bu şəxslər xalqı öz mənfəətlərinə görə, istədikləri kimi idarə edirlər. Ayələrdən göründüyü kimi, Firon rejimi də bir oliqarxiyadır.

“Fironun və onun əyan-əşrafının yanına. Onlar təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar” (“Muminun” surəsi, 46) ayəsində də bildirildiyi kimi, Firon və ətrafı öz istədiklərini məcburən etdirən bir cəmiyyətdir. Fironun yanındakı məsləhətçilər, cadugərlər və əsgərlərdən ibarət oliqarxik sinif xalqın Firon sisteminə bağlı qalması üçün onu məfkurə baxımından öz hökmranlığı altına almış, kütlələrə Fironun üstün bir varlıq olması yalanını təlqin etmişdir. Firon və ətrafı xalqa zülm etməkdə idi. Bundan xəbər verən ayə belədir:

“Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı” (“Yunus” surəsi, 83).

Firon sisteminin zalımlığını göstərən açıq bir sübut da ölkədəki insanları irq və inanclarına görə “firqələrə” (zümrələrə) ayırması və bir qisminə qəsdən zülm etməsidir. Xüsusilə İsrailoğullarını hədəfə alan bu zülmdən bir ayədə belə söz edilir:

“Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!” (“Qəsəs” surəsi, 4).

“Əraf” surəsinin 127-ci ayəsində isə Fironun “onlardan üstün olduğu” bildirilir. Bu öldürücü üstünlük Fironun güclü ordusundan irəli gəlir. Bu sistemin nə qədər inkişaf etmiş və gücünün nə qədər böyük olduğunu Fironun əsgərlərinə verdiyi əmrlərdən anlaya bilərik:

“Firon şəhərlərə (əsgər) yığanlar göndərdi” (“Şuəra” surəsi, 53).

“Onlar dedilər: “Onu qardaşı ilə birlikdə saxla və şəhərlərə yığan adamlar göndər” (“Əraf” surəsi, 111).

Yuxarıdakı ayələrin də işarə etdiyi kimi, Firon çox mürtəce və əzazil bir dövlət mexanizminə və xüsusilə də xəfiyyə sisteminə sahibdir. Belə ki, müəyyən bir iyerarxiya daxilində ölkənin ən ucqar yerlərinə belə nəzarət edilirdi. Bu nəzarət Fironun rəhbərliyinin çox ciddi və mürtəce metodlarını da göstərirdi.

Səba məlikəsinin hz.Süleymanla görüşdükdən sonra Allaha iman gətirdiyini və hz.Süleymana tabe olduğunu bildirməsi isə Səba ölkəsində belə bir təzyiqin olmadığına işarə ola bilər. Səba məlikəsinin bu sözləri Quranda belə bildirilir:

“Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (“Nəml” surəsi, 44).

Səba dövlətinin idarəçilik forması ayələrdən də bilindiyi kimi, dövrün şərtlərinə görə “demokratik” ruha sahib bir sistemdir. Firon sisteminin əksinə olaraq insan üzərində bir təzyiq mövcud deyildir. Dövlətin idarəsində ən mühüm qərarların belə müşavirə yolu ilə verildiyini, dövlət məmurları arasında harmoniya və əməkdaşlığın yarandığını, qarşılıqlı səmimiyyətin, vicdan azadlığının yaşandığı, haqların qorunduğu bir modeldir. Allah bizlərə Firon və Səba qissələrindəki fərqli sistemləri açıqlayaraq həm din əxlaqına şiddətlə qarşı olan bir sistemi, həm din əxlaqına yaxın bir cəmiyyətin təməl əsaslarını öyrədir.