Həzrəti Süleyman

Həzrəti Süleyman

“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!” Süleyman Davuda vərəsə oldu... (“Nəml” surəsi, 15-16).

Hz.Süleyman Allahın Öz dərgahından mülk və hikmətlə dəstəklədiyi (“Bəqərə” surəsi, 251), bir fəzl verdiyi (“Səba” surəsi, 10) və Zəburu vəhy etdiyi, üstün elm sahibi olan bəndəsi Hz.Davudun oğludur. Allah “Sad” surəsində “Biz Davuda Süleymanı hədiyyə etdik...” (“Sad” surəsi, 30) şəklində buyurur.

“Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, Ilyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlİsalehlərdən idi. Biz həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da onları seçdik və düz yola yönəltdik” (“Ənam” surəsi, 83-87).

 

Allah eynilə Hz.Davud kimi Hz.Süleymanı da İsrailoğullarına peyğəmbər kimi göndərmişdi. Onu hidayətə çatdırmış, xeyirli qullarından biri saymış və digər peyğəmbərlər kimi aləmlərdən üstün tutmuşdu. Ayə Allahın iman gətirənlərə aşağıdakı öyüdü ilə davam edir:

“Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyüd-nəsihətdir”“ (“Ənam” surəsi, 90).

Hz.Süleyman da digər peyğəmbərlər kimi insanları Allaha iman gətirməyə, Ona şərik qoşanlardan uzaqlaşmağa, Allahın əmr və tövsiyələrinə tabe olmağa dəvət etmişdi.